“Orion”, yoxsa “Bayraktar TB2” daha güclüdür?| Sadəcə idarəetmə diapazonuna və sursatlara baxmaq kifayətdir

2022/04/22-6599041112.jpg
Oxunub: 6944     16:16     12 Aprel 2022    
Bu yaxınlarda Ukrayna Silahlı Qüvvələri qanad açılımı 16 metr olan Rusiyanın əməliyyat-taktiki səviyyəli “Orion” zərbə tipli Pilotsuz Uçuş Aparatını (PUA) məhv edib.

Fotolarda PUA-nın optik nişangahına elə də çox zərər dəymədiyi görünür. Sistemin kameraları və lazer sisteminə zərər dəyməyib.

Optik nişangahın araşdırılması PUA-nın real əməliyyat diapazonunu təyin etməyə imkan verəcək, çünki kameraların qabiliyyəti bu platformaların uçuş hündürlüyünü, lazer göstəricinin gücü və ya dəqiq nişan ala biləcəyi məsafəni öyrənməyə imkan verə bilər.


PUA-nı istehsal edən şirkətin məlumatına görə, “Orion”un Taktiki-Texniki Xüsusiyyətləri aşağıdakı kimidir:

Maksimum uçuş çəkisi: 1200 kq
Faydalı yük daşıma qabiliyyəti: 200 kq
Sürət (kreyser/maksimum): 120/200 km/saat
Rabitə diapazonu: 250 km (repetitor istifadə edilərsə 300 km)
Əməliyyat hündürlüyü: 7,5 km
Uçuş müddəti: 24 saat


Qeyd edək ki, Kreml “Orion”u ən perspektivli silah növü kimi müəyyənləşdirib. Onun kütləvi istehsalı yeni zavodun tikintisi ilə genişləndirilməli idi. Rusiya müdafiə nəşrlərinin qeyri-rəsmi məlumatlarına görə, Rusiya Müdafiə Nazirliyi təkcə “Orion” prototipinin yaradılmasına təxminən 30 milyon dollar xərcləyib.


İdarəetmə stansiyası və 3 PUA-nın daxil olduğu kompleksin qiyməti naməlum olaraq qalır.

“Orion”la bağlı Rusiya təbliğatının təqdim etdiyi əsas tezis onun “Bayraktar TB2”ləri vura biləcəyidir. Amma bu təbliğat onların daxili auditoriyası üçündür.

“Bayraktar TB2”nin əməliyyat hündürlüyü, sürəti və rabitə məsafəsi “Orion”dan artıqdır. Bundan əlavə, “Bayraktar TB2” idarəetməni bir stansiyadan digərinə ötürmək qabiliyyətinə malikdir. Eyni zaman TB2-nin peyk rabitəsi ilə modifikasiyası var ki, bu da ümumiyyətlə idarəetmə diapazonunun sərhədlərini aşır.


Ən əsası “Orion”un ölçüləri daha böyükdür. Qanadları 16.3 metr, uzunluğu 8 metrdir. “Bayraktar TB2”də isə bu göstəricilər müvafiq olaraq 12 və 6.5 metrdir. Lakin PUA-nın ölçüsünün böyük olması onun təhlükəsizliyi üçün problemli göstəricidir. Daha böyük PUA hava hücumundan müdafiə sistemləri tərəfindən daha tez aşkarlana və məhv edilə bilər.


“Orion”un üstünlüyü sadəcə onun daşıdığı faydalı yükdür. Rusiya PUA-sı “Bayraktar”dan 50 kiloqram çox, yəni 200 kiloqram faydalı yük daşıyır. Ancaq daşıdığı sursat TB2 ilə müqayisə oluna bilməz. Türkiyə istehsalı vasitələrin daşıdığı MAM-L sursatları lazerlə idarə olunur və dəqiq zərbələrlə zirehli texnikaları məhv edir. “Orion” isə Sovet dövründən qalma “Qrad” YARS-larında istifadə edilən raketlərin döyüş başlıqlarına malik sursatlar daşıyır.

“Bayraktar TB2” PUA-larından indiyədək 300-dən çox istehsal edilib. İstehsalçı şirkət bu PUA-ların daha təkmil versiyalarını hazırlayıb.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Orion   Bayraktar  


Bizi "telegram"da izləyin